İki XİN başçısı regiondakı vəziyyəti müzakirə ediblər - YENİLƏNİB

19:45 08.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və əldə olunmuş atəşkəs barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov elan olunmuş atəşkəsi alqışlayıb. Atəşkəsin təmin olunmasının gərginliyin azaldılması, danışıqların uğurla nəticələnməsi və sabitliyin bərqərar olunması baxımından əhəmiyyəti vurğulanıb.

Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə də dost və qardaş Pakistanın rolu təqdir olunub.

C.Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini qeyd edərək, vəziyyətin diplomatik yollarla həllinin önəmini diqqətə çatdırıb, İslamabadda aparılacaq danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Azərbaycanın hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğu Ceyhun Bayramov tərəfindən vurğulanıb.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

*** 

İran və Azərbaycanın xarici işlər nazirləri Abbas Əraqçi və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Hafta.az xəbər verir ki, bu haqda Əraqçinin teleqram kanalında məlumat verilib.

"Abbas Əraqçi və Ceyhun Bayramov regiondakı son vəziyyət barədə danışıqlar aparıb, həmçinin ikitərəfli münasibətləri müzakirə ediblər", - paylaşımda bildirilib.

Qeyd olunub ki, söhbətin detalları daha sonra açıqlanacaq.